CƏMİYYƏT
Azərbaycan Nigeriyada keçirilən xeyriyyə aksiyasında təmsil olunub
Bakı, 13 fevral, AZƏRTAC
Nigeriyanın Laqos şəhərində “Kiçik dünya” adlı xeyriyyə aksiyası keçirilib.
Beynəlxalq Qadınlar Təşkilatı tərəfindən reallaşdırılmış bu tədbirdə Laqosda yaşayan 36 ölkənin nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər.
Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı, Beynəlxalq Qadınlar Təşkilatının maliyyə meneceri Billurə Bayramova təmsil edib.
B.Bayramova AZƏRTAC-a bildirib ki, tədbirin qonaqlarına Azərbaycanın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava təqdim olunub. Nigeriya mediasına və tədbirin iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib.
Beynəlxalq Qadınlar Təşkilatının maliyyə meneceri bildirib ki, mərasimə müxtəlif ölkələrin səfirləri, Laqosda fəaliyyət göstərən məşhur şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər qatılıb. Aksiyanın açılış və bağlanış mərasimində Azərbaycanı milli geyim və bayrağımızla Fransa vətəndaşı Antuan Bernard təmsil edib.
Billurə Bayramovanın sözlərinə görə, xeyriyyə aksiyasının təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif dövlətlərin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinin milli musiqisi, mədəniyyəti və tarixi barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir. Aksiyadan əldə olunan vəsaiti Nigeriyadakı məktəb, xəstəxana, uşaq və qocalar evlərinə yönəltmək nəzərdə tutulur.