CƏMİYYƏT


Azərbaycan əczaçılıq sahəsində Belarusla əməkdaşlıq edəcək

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Minskdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində keyfiyyətli və ucuz antiretrovirus və vərəm əleyhinə preparatların əlçatan olmasının genişləndirilməsi üzrə keçirilən regional konfransda Azərbaycanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Suleymanov təmsil edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransdan sonra keçirilən görüş zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə Belarus Respublikasının Səhiyyə Xidmətində Ekspertiza və Tədqiqatlar Mərkəzi arasında əvvəlcədən aparılan danışıqlara və razılaşmaya əsasən, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun əsas məqsədi dərman vasitələri, tibbi ləvazimat və tibbi texnikanın ekspertizası, onların keyfiyyətinə nəzarət, dərman vasitələri və tibbi ləvazimatlar dövriyyəsinə dair məlumat mübadiləsi sahələrində əməkdaşlığın inkişafından ibarətdir. Bundan başqa, dərman vasitələri və tibbi ləvazimatlarının qeydiyyatı və dövriyyəsi sahələrində beynəlxalq standartların tətbiq edilməsinə dair tövsiyələrin hazırlanmasına dəstək, əvvəlcədən razılaşma əsasında mütəxəssislərin və tədqiqat materiallarının mübadiləsi, saxta məhsullara qarşı mübarizə üsulları və bu istiqamətdə informasiya mübadiləsi və s. bu kimi məsələlər də memorandumda öz əksini tapıb.

Memorandum indiyədək bir çox sahələr üzrə geniş əlaqələr quran Azərbaycan ilə Belarusun əczaçılıq sahəsində də yüksək səviyyədə əməkdaşlığına xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.