MƏDƏNİYYƏT


Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələr genişlənir

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada təlim səfərindədir. Nümayəndə heyətinə Nazirliyin aparat rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Tvinninq layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirilib. Florensiyanın məşhur Uffiçi qalereyasının direktoru Anke Şmidt və Toskana Muzeylər Şəbəkəsinin direktoru Stefano Kaşu ilə görüş baş tutub. Görüş zamanı Toskana bölgəsində yerləşən muzeylərin fəaliyyəti, onların inkişafı haqqında müzakirələr aparılıb. A.Şmidt həm Tvinninq layihəsi çərçivəsində, həm də birbaşa muzeylərlə əməkdaşlığın qurulmasına hazırlığını bildirib. Daha sonra Uffiçi qalereyasında nazirliyin əməkdaşları üçün geniş ekskursiya təşkil olunub.

Qeyd edək ki, Şah İsmayıl Xətainin məşhur portreti Uffiçi qalereyasında saxlanılır və sərgi sahəsində nümayiş olunur.

Florensiyanın "Oblate" kitabxanasında “Kitabxanalar, arxivlər və tədbirlər” xidmətinin rəhbəri Luana Nençoni ilə “Kitabxana və tarixi arxivlərin idarə edilməsində Florensiya bələdiyyəsinin vəzifə və tapşırıqları” mövzusunda görüş keçirilib.

Səfər çərçivəsində Roma şəhərində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyində “Muzeylər və mədəni İrsin Təbliği, Planlaşdırılması və Büdcəsi” rəhbərliyi departamentinin müdiri Manuel Roberto Guido ilə görüş keçirilib. Görüş zamanı İtaliyanın muzeylərinin fəaliyyəti barədə geniş müzakirələr aparılıb, əməkdaşlıq üçün yeni imkanlar araşdırılıb.

İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin əməkdaşları 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

Xatırladaq ki, “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsi 2016-cı ilin fevral ayında fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.