İQTİSADİYYAT


Azərbaycan şirkətləri Bosniya və Herseqovinada həyata keçiriləcək layihələrlə bağlı tenderdə iştiraka dəvət edilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan ilə Bosniya və Herseqovina arasında qarşılıqlı maraq doğuran ikitərəfli və beynəlxalq məsələlər müzakirə edilib.

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovla görüşündə Sədrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırkı durum barədə də məlumat verilib.

Səfir, həmçinin Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, energetika naziri Nermin Cinciç, Bosniya və Herseqovinanın Daha Yaxşı Gələcəyi naminə Birlik Partiyasının (SBB Partiyası) sədri Fahrudin Radonçiçlə görüşlər keçirib.

Xarici işlər naziri ilə görüşdə ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi və viza məsələlərinə dair müzakirələr aparılıb.

Energetika naziri Nermin Cinciç ilə görüşdə isə səfir Bosniya və Herseqovina hökumətinin ölkədə həyata keçirməyi planlaşdırdığı və tenderə çıxaracağı “5C nəqliyyat dəhlizi”, Tuzla və Kakan şəhərlərində istilik enerjisi layihələri barədə məlumatlandırılıb. O, bu sahələrdə təcrübəsi olan Azərbaycan şirkətlərini, o cümlədən Balkanlarda öz işinin keyfiyyəti ilə tanınan “AzVirt” şirkətini Çin və Avropa təsisatları tərəfindən maliyyələşdirilməsi planlaşdırılan və ümumi dəyəri 1 milyard avro olan bu layihələrlə bağlı tenderdə iştiraka dəvət edib.

E.Həsənov Azərbaycan şirkətlərinə göstərilən etimada və dəvətə görə təşəkkürünü bildirib, dəvətin Azərbaycanın aidiyyəti qurumlarına çatdırılacağını söyləyib. Səfir, eyni zamanda, ölkəmizin iştirak etdiyi enerji layihələri – “Cənub Qaz Dəhlizi”, onun tərkib hissələri olan TANAP və TAP barədə qarşı tərəfə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.