CƏMİYYƏT


Azərbaycan və Belarusun Daxili İşlər nazirlikləri arasında sıx işbirliyi mövcuddur

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 21-də ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığı qısa müddətdə keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmağa, ölkələrimiz arasında siyasi dialoqu uğurla davam etdirməyə imkan verdiyini məmnunluqla vurğulayıb.

Daha sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, kriminogen durum, müstəqilliyin ilk illərində ölkəmizdəki mövcud olan ictimai-siyasi vəziyyət barədə qısa məlumat verib. Qeyd olunub ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında qətiyyətli tədbirlər

görülüb, bütün sahələrdə köklü islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti tam nəzarətə götürülüb.

Daxili işlər naziri problemlərə toxunarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının zəruriliyini bildirib.

Belarusla hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini nəzərə çatdıran Ramil Usubov dost ölkənin Daxili İşlər Nazirliyi ilə sıx işbirliyinin mövcudluğunu, bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına yeni töhfə verəcəyinə əminliyini xüsusi qeyd edib. Eyni zamanda, hər iki ölkənin Daxili İşlər nazirlikləri Daxili Qoşunlarının əməkdaşlığının son illər uğurla inkişaf etdiyi və bu sahədə bir sıra müsbət nəticələrin əldə olunduğu da diqqətə çatdırılıb.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Stanislav Zas müstəqillik illərində Azərbaycanda geniş abadlıq, quruculuq işlərinin aparıldığını, böyük inkişaf nəticəsində Bakının simasının tamamilə dəyişdiyini, qazanılan uğurların nümayəndə heyətinin üzvlərində məmnunluq hissi doğurduğunu bildirib.

Mehribanlıq və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Görüşdə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.