REGİONLAR
Azərbaycanın Göygöl və Fransanın Şabli şəhərlərinin qardaşlaşması barədə niyyət protokolu imzalanıb
AZƏRTAC xəbər verir ki, fransalı qonaqlarla keçirilən görüşdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Azərbaycan-Fransa əlaqələrinin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyətini xüsusilə qeyd edib.
Fransanın Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye və həmin regionun Şabli şəhərinin meri Patrik Jandro çıxış edərək bildiriblər ki, bu gün Fransada Azərbaycanı daha yaxşı tanıyır və sevirlər.
Şabli şəhərinin iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyini diqqətə çatdıran qonaqlar Göygöl rayonu ilə dostluq əlaqələrinin qurulmasına maraq göstərdiklərini bildiriblər və iki şəhərin qardaşlaşmasının böyük səmərə verə biləcəyinə əminlik ifadə ediblər.
Sonra qarşılıqlı razılaşma əsasında Azərbaycanın Göygöl və Fransanın Şabli şəhərlərinin qardaşlaşması ilə bağlı niyyət protokolu imzalanıb.
Qarşılıqlı surətdə xatirə hədiyyələri təqdim olunduqdan sonra qonaqlar rayonun tarixi-mədəni yerlərini gəzib, Dövlət Bayrağı Meydanına, vaxtilə almanlar tərəfindən salınmış məhəllələrə baxıblar.