CƏMİYYƏT
Azərbaycanın fövqəladə hallar naziri UNICEF-in nümayəndə heyəti ilə görüşüb VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov UNICEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mari-Pyer Puaryenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov nazirliyin UNICEF-in Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Nazir Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olduğunu, nazirliyin əməkdaşları tərəfindən bu tədbirə hazırlıqla bağlı genişmiqyaslı texniki və təhlükəsizlik tədbirləri proqramı həyata keçirildiyini bildirib.
Mari-Pyer Puarye deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Novruz bayramı və qarşıdan gələn mühüm tədbir - birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir.
Qonaq UNICEF-in Azərbaycanla, o cümlədən müvafiq sahələr üzrə Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.