CƏMİYYƏT
Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları çoxəsrlik tariximizın səhifələrinə yazılıb
Bakı, 21 avqust, AZƏRTAC
Nəsimi rayonunda “Azərbaycan milli ideologiyasında qadınların rolu” mövzusunda görüş keçirilib. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşə təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan qadınlar, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmçinin rayonun ictimai həyatında fəal iştirak edən qadınlar qatılıblar.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva görüşdə çıxış edərək bildirib ki, Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları çoxəsrlik tariximizın səhifələrinə yazılıb. Bu gün isə artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qayği və dəstək güclənib. Bu gün respublikamızda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətini Prezident İlham Əliyev layiqincə həyata keçirir.
Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uşaq, yeniyetmə və gənclərimizin sağlam böyüməsi, onların təhsilləri və dünyagörüşlərinin artması, həmçinin gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər görüb.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan qadınının səsi bu gün ən yüksək tribunalardan - dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və tədbirlərdən gəlir. Qadınların mötəbər qurumlarda təmsil olunmaları bizim üçün böyük fəxrdir.
Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva qadınların hüquqlarının qorunmasında, onların məşğulluq, sağlamlıq və sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Görüşdə iştirak edən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Əbülhəsənova, Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan cəmiyyətində qadınların fəallığının artırılması sahəsində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir.
Qubadlı rayonundan məcburi köçkün Nəzakət Salayeva, Fizuli rayonundan məcburi köçkün, şəhid ailəsi Zeynəb Bəhmənli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkün ailələrinə, onların uşaqlarına, şəhid və veteran ailələrinə xüsusi diqqət və qayğısindan ətraflı söz açıblar. Onlar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadına tibbi ləvazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edilib.