CƏMİYYƏT
Azərbaycanın rus icması müharibə veteranlarını yubiley medalı ilə təltif edib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Böyük Vətən müharibəsində Böyük Qələbənin 70 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndələri, Böyük Vətən müharibəsi veteranları, Azərbaycanın rus icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin iştirakçıları salamlayaraq qeyd edib ki, konfrans Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində keçirilir.
Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç, rus icması sədrinin müavini Aleksandr Alekseyev XX əsrin bu ən qanlı müharibədə Azərbaycanın iştirakından danışıblar. Cəbhə üçün yanacağın 80 faizini verən Azərbaycanın Qələbəyə xüsusi kömək göstərdiyi vurğulanıb.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev vətəndaşları faşist qoşunlarının təzyiqinə şərəflə davam gətirmiş, mərdlik və qəhrəmanlıq göstərmiş, bəşəriyyəti XX əsrin dəhşətli bəlasından xilas etmiş keçmiş İttifaq respublikaları üçün xüsusi məna kəsb edən Qələbə günü münasibətilə veteranları təbrik edib. O, qeyd edib ki, Böyük Vətən müharibəsində Qələbə keçmiş SSRİ-nin bütün respublikalarının ümumi qələbəsidir.
Ə.Mehdiyev bildirib ki, bəşəriyyətin tarixində bu ən amansız müharibədə Azərbaycan xalqı digər xalqlarla çiyin-çiyinə vuruşub və o vaxtkı ümumi ölkəmizin ərazisinin hər bir qarışını qoruyub. O ağır illərdə cəbhəyə 700 min həmyerlimiz gedib və onların yarısı müharibədən qayıtmayıb. Təqribən 130 həmvətənimiz göstərdiyi qəhrəmanlığa görə yüksək ada - “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Həmin illərdə Azərbaycanda 130-dan çox adda silah və hərbi sursat istehsal olunurdu. Məhz Azərbaycan cəbhəni neft və neft məhsulları ilə təmin edirdi. Xüsusi vurğulanıb ki, Azərbaycan xalqı bu müharibədə həlak olmuş qəhrəmanların xatirəsini əziz tutur.
Ə.Mehdiyev təəssüflə bildirıb ki, Azərbaycanda müstəqilliyin ilk illərində Böyük Vətən müharibəsinə çox ziddiyyətli qiymətlər verilirdi, bu parlaq səhifələri ölkəmizin tarixindən çıxarmağa cəhd göstərilirdi.
Ə.Mehdiyev deyib: “Lakin Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkədə Qələbə Gününə və veteranlara münasibət yaxşı tərəfə dəyişdi”.
Qeyd edilib ki, bu gün Azərbaycan rəhbərliyi Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı göstərməkdə davam edir. Hər il Azərbaycanda Qələbə Günü təntənə ilə qeyd olunur, Prezident İlham Əliyev veteranlarla şəxsən görüşüb onları təbrik edir.
Ə.Mehdiyev bildirib ki, Böyük Vətən müharibəsi illərində Qələbənin 70 illiyi ərəfəsində ölkədə müxtəlif tədbirlər keçirilir.
Ə.Mehdiyev deyib: “Bu ilin fevralında Azərbaycan Prezidentinin Sərəncamı ilə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilib. Dövlət başçısı həmçinin müharibənin Azərbaycandan olan iştirakçılarını “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb. Ölkədə veteranların sosial həyatının yaxşılaşdırılmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirilir, o cümlədən onlara avtomobillər ayrılır, Prezident təqaüdləri verilir və s. Veteranların hər biri 800 manat məbləğində, əlillər və müharibə iştirakçılarının dul qalmış həyat yoldaşları isə 400 manat məbləğində birdəfəlik müavinət alıblar.
Milli Məclisin deputatı, yazıçı, publisist Elmira Axundova veteranları Qələbə bayramı münasibətilə təbrik edib. O, qeyd edib ki, müharibə bütün ailələrdə, o cümlədən onun ailəsində də iz buraxıb.
Bakı Müharibə Veteranları bölməsi sədrinin müavini, istefada olan birinci dərəcəli kapitan, hərbi jurnalist, Böyük Vətən müharibəsi haqqında 70-dən çox kitabın müəllifi Aleksandr Qritçenko Böyük Vətən müharibəsində Azərbaycanın iştirakından və rolundan danışıb. O, həmçinin Böyük Qələbənin 70 illiyinin bayram edilməsinə hazırlıq sahəsində veteranların gördüyü işdən söhbət açıb. A.Qritçenko xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda heç vaxt Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırılması halları olmayıb.
Sonra veteranlar “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif ediliblər.