DÜNYA
Azərbaycanlı sərmayədarlar Qazaxıstanda aqrar-sənaye kompleksi üçün fabrik tikməyi təklif ediblər
Manqıstau vilayətinin akimi Alik Aydarbayev müşavirədə çıxış edərək regionun sosial-iqtisadi inkişafını və ixtisaslaşmasını səciyyələndirən əsas göstəricilər barədə Prezidentə məlumat verib.
Aktau dəniz ticarət limanının imkanları və azad iqtisadi zonanın inkişafı məsələləri müzakirə edilərkən dövlət başçısı 3 nömrəli subzonada sahəsi 4,2 hektar olan ən müasir anbar binaları inşa etməyi planlaşdıran azərbaycanlı sərmayədarlara torpaq ayrılması prosesinin nə üçün ləngiməsi səbəbləri ilə maraqlanıb. “Azərsun” holdinqin vitse-prezidenti Tahir Gözəl deyib: “Torpaq sahəsi ayrılıb, biz bütün Qərbi Qazaxıstanda ən iri anbar binalarının tikintisinə başlamışıq. Hələlik başlanğıc mərhələdəyik. Avadanlıq Hollandiya, Yaponiya və Almaniyadan alınacaq”.
Prezident N.Nazarbayev qeyd edib ki, bu regionun iqlim şəraiti əlverişsiz olsa da, aqrar-sənaye kompleksini inkişaf etdirmək zəruridir. Dövlət başçısı Atırau vilayətini nümunə göstərərək vurğulayıb ki, bu vilayət özünü quş əti, yumurta və tərəvəzlə təmin etməklə bərabər, həmin məhsulları Rusiyaya da satır. Bundan əlavə, qonşu regionda İspaniya texnologiyası əsasında istixana təsərrüfatı fəal inkişaf edir.
“Kənd təsərrüfatında mövcud problemlərin həllinə kompleks şəkildə yanaşmaq lazımdır”, - deyən Qazaxıstan Prezidenti respublikanın Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə mal-qara üçün yem bazasının təmin edilməsi məsələsi üzərində işləmək barədə tapşırıq verib.
“Azərsun” holdinqin nümayəndələri fürsətdən istifadə edərək daha bir təklif irəli sürüblər. Tahir Gözəl deyib: “Bizə dənizə çıxış imkan verilsə, burada yem istehsalı üzrə fabrik tikməyi təklif edirik”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana