QAN YADDAŞI
Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşında əbədi yaşayacaq
Bakı, 1 aprel, AZƏRTAC
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “31 mart - tarixin silinməyən izi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
BPKİYİ-dən AZƏRTAC-a bildiriblər ki, konfransda institutun rektoru, professor Asəf Zamanov son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldığını söyləyib.
Rektor qeyd edib ki, XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı şəhərində, Şamaxı, Quba və Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoyublar. XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlayıb, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulub, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilib. Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş qətl kimi qiymətləndirilir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən bu soyqırımı siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan doğma torpaqlarından didərgin salınıblar.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan illər keçsə də, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz qoyub. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə daha da genişlənib və onlar Azərbaycan xalqını Yer üzündən silmək kimi iyrənc niyyətlərini açıq-aşkar bəyan ediblər. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycanlıların soyqırımına verilən ilk hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin 1998-ci ilin martın 26-da imzaladığı Fərmanda əksini tapıb.
Konfransda Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Atamoğlan Məmmədlinin “Tarixi həqiqətlər elmi tədqiqatlarda”, BPKİYİ-nin kafedra müdiri, filologiya elmləri doktoru Aydın Paşayevin “Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatımızda” mövzularında məruzələr dinlənilib.
Sonda soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib.