İQTİSADİYYAT
“Bakcell” 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir
Bakı, 28 noyabr, AZƏRTAC
“Bakcell” şirkəti Bakı şəhərinin və Abşeron yarımadasının 200-dən artıq nöqtəsində öz abunəçilərinə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, istifadəyə verildiyi vaxtdan indiyədək onun təqdim etdiyi yüksək keyfiyyətli Wi-Fi internet xidmətindən 50 mindən artıq “Bakcell” abunəçisi, eləcə də rouminq xidmətindən istifadə edən xarici qonaqlar yararlanıb.
Ötən ildən başlayaraq “Bakcell” Bakının və Abşeron yarımadasının bir çox yerlərində Wi-Fi şəbəkəsini genişləndirir. Pulsuz Wi-Fi xidməti keçən ilin yayından 189 taksi sifarişi xidmətinin nəqliyyat vasitələrində, 10 avtobus dayanacağında və 77 saylı Bakı avtobus marşrut xəttində də mövcuddur.
“Yüksək keyfiyyətli 3G və 4G LTE xidmətləri ilə “Bakcell” şirkəti Azərbaycanda ən geniş və ən keyfiyyətli mobil rabitə şəbəkəsini təmin edir. Məqsəd odur ki, şirkətin mobil internet xidmətindən hər yerdə istifadə etmək mümkün olsun. Hazırda “Bakcell” Azərbaycanda ən geniş Wi-Fi şəbəkəsini təmin edir. Mobil internet artıq sabit internet əlaqəsini üstələyir və bu tendensiya davam edir. Son texnologiyalardan istifadə edərək Bakıda və Abşeron yarımadasında sürətli Wi-Fi şəbəkəsi qurulub”, - deyə şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.