ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Bakı, 6 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov Bakı Ali Neft Məktəbində çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edib, hər birinə bahar əhval-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, işlərində uğurlar arzulayıb. Rektor Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial və mədəni həyatındakı önəmli rolundan danışıb, onların hazırda ölkəmizin dövlət idarəetmə strukturlarında, o cümlədən dövlət müəssisələrində və özəl sektorlarda rəhbər vəzifələrdə çalışdıqlarını qeyd edib. E.Qasımov Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs vermək hüququ əldə etdiyini vurğulayıb. O, həmçinin, Azərbaycan qadınlarının cəmiyyətimizin tamhüquqlu üzvləri olması, ölkənin hər sahəsində fəal iştirak etmələri, istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət həyatında rollarının artırılması, onlara düzgün dəyər verilməsi və hüquqlarının qorunması istiqamətində aparılan dövlət siyasətinin öz bəhrəsini verdiyini diqqətə çatdırıb.
BANM-ın kollektivinin xanım üzvlərinə, o cümlədən tələbə qızlara hədiyyələr təqdim olunub. Həmçinin BANM-ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, tədris və sertifikatlaşdırma idarəsinin “Liderlik” maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirmiş qadın əməkdaşlarına sertifikatlar verilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qadınların müasir cəmiyyətdə yüksək mövqe tutduqlarını, onlara kişilərlə bərabər hüquq və imkanların verildiyini, eyni zamanda, Azərbaycan qadınlarının mötəbər qurumlarda təmsil olunduğunu qeyd edib. A.Sofiyeva təmsil etdiyi qurumun fəaliyyətinin də məhz bu istiqamətdə qurulduğunu bildirib, BANM-ın xanım əməkdaşlarını və tələbə qızları təbrik edib, onlara ailə səadəti, xoşbəxtlik, uğurlar arzulayıb.
Sonda tələbələr qadınlara həsr olunan musiqili kompozisiya nümayiş etdiriblər.