ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “BP yay təcrübəsi-2017” proqramı təqdim olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova, işə qəbul üzrə əlaqələndirici Səbinə Vəliyeva və qazma mühəndisi Fərid Hüseynov bu qurumun yay təcrübəsi proqramını elan ediblər.
S.Vəliyeva müraciət qaydaları, seçim prosesi və təcrübə haqqında təqdimatında bildirib ki, artıq üç ildir BP şirkəti bu ali məktəbin tələbələri üçün bu cür imkanlar yaradır. Qeyd olunub ki, istehsalat təcrübəsi zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihə və əməliyyatlar həyata keçirirlər. BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə yiyələndikləri biliklərin təcrübədə tətbiqi ilə texniki və fərdi bacarıqlarının inkişafı üçün imkan qazanacaq, BP-nin mühəndislik standartları, üsulları, istehsalat zamanı təhlükəsizlik və etika qaydaları ilə yaxından tanış olacaq və zəngin iş təcrübəsi əldə edəcəklər.
Proqrama qatılan tələbələr BP-də olduqları müddətdə qazandıqları təcrübə barədə təqdimatla çıxış ediblər.
Mövzu ilə bağlı suallar cavablandırılıb.