ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbələri BP-nin layihələri barədə məlumatlandırılıblar
Bakı, 23 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) cari il üçün BP şirkəti tərəfindən silsilə təqdimatların keçirilməsi nəzərdə tutulub. Bu silsilədən “BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirdiyi əməliyyatlara ümumi baxış” mövzusunda ilk məruzə dinlənilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda BP-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov tərəfindən keçirilən təqdimat bu ali məktəbin neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.
E.Məmmədov təmsil etdiyi qurum tərəfindən Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirilən genişmiqyaslı və dünya səviyyəli layihələr haqqında ətraflı məlumat verib. O, son 20 ildə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında neftin və qazın hasilatı, nəqli üzrə reallaşdırılmış layihələrin nəticələrini tələbələrin diqqətinə çatdırıb.
BP-nin vitse-prezidenti, həmçinin TAP və TANAP layihələrinin Azərbaycan qazının Avropa bazarına çıxarılması baxımından əhəmiyyətini vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.