MƏDƏNİYYƏT
Bakıda aşıqlar yurdu Gədəbəyin təqdimatı maraq doğurub
Bakı, 27 aprel, Türkan Abdullayeva, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində keçirilən budəfəki təqdimat Gədəbəyə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşıb.
Qonaqlar əvvəlcə Gədəbəyin aşıq məktəbi, diyarşünaslıq, memarlıq nümunələri, yerli yazarların əsərləri, bölgənin mətbəx nümunələri, yerli xalq sənətkarlarının əl işləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Gədəbəyə həsr olunan bu tədbir “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində təşkil edilən beşinci təqdimatdır. Rayonun qədim tarixə və mədəniyyətə malik olduğunu vurğulayan nazir deyib ki, burada eramızdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin qalıqları olan tarixi mədəniyyət abidələri mövcuddur.
Ə.Qarayev qeyd edib ki, Gədəbəydə inşa edilən elektrik stansiyası, Qafqazda ilk dəmir yolu, həmçinin mis mədənləri Azərbaycanın iqtisadiyyatına töhfədir.
Gədəbəyin həm də aşıqlar yurdu olduğunu vurğulayan nazir diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq musiqisi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycanın dilbər guşələrindən, qədim yaşayış məskənlərindən biri olan Gədəbəyin tarixi abidələri, mədəniyyət nümunələri, ziyalıları barədə məlumat verib.
Rayonun sosial-iqtisadi inkişafı üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlardan söhbət açan icra başçısı rayonda görülən işlərdən, yeni açılan müəssisələrdən danışıb. Həmçinin rayonun turizm üçün əlverişli olduğunu, burada turizm imkanlarının yaradıldığını söyləyib.
Tədbirdə qarşılıqlı hədiyyələr təqdim edilib.
Sonra Gədəbəyin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsi Gədəbəy Aşıq Məktəbinin folklor ansamblının ifası ilə başlayıb. Sonra rayonun incəsənət ustaları, aşıq ifaçıları və rəqs kollektivləri çıxış ediblər.
Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak edib.
Qeyd edək ki, bu il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.