CƏMİYYƏT
Bakıda xeyriyyə tədbiri təşkil olunub
Bakı, 1 dekabr, A.İsmayılova, AZƏRTAC
Dekabrın 1-də “Fiziki məhdudiyyətli şəxslərin idmana inteqrasiyası” İctimai Birliyinin (İB) xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, İB-nin sədri, paralimpiyaçı, taekvando üzrə üçqat Dünya və ikiqat Avropa çempionu, idman ustası Aynur Məmmədova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd əlilliyi olan uşaq və gənclərə stimul verməkdir. O, 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr etdiyi tədbirə dəstək olan qurumlara minnətdarlığını bildirib. A.Məmmədova rəhbərlik etdiyi qurumun rayon və qəsəbələrdə yaşayan əlillərə də dəstək olacağını söyləyib.
Tədbirdə Xalq Artisti Məleykə Əsədova, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Olimpiya mükafatçısı, Avropa və Dünya çempionu Rəsul Çunayev və başqaları ölkəmizdə əlillərə, qayğıya ehtiyacı olan yaradıcı insanlara, idmançılara dövlət qayğısından söhbət açıblar.
İncəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Sonda əlil və fiziki məhdudiyyəti olan uşaq və gənclər bayram süfrəsinə dəvət olunub, “Əli və Nino” kitab mağazasından onlara hədiyyə olaraq kitablar təqdim edilib.