İDMAN
“Baku Fires” və “Astana Arlans” boks komandalarının heyəti açıqlanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 31-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyasının (WSB) üçüncü turunun görüşləri keçiriləcək. Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, artıq komandaların heyəti açıqlanıb. Turnirdə Rəsul Saliyev (49 kq, “Baku Fires”) Temirtas Jusupov (“Astana Arlans”) ilə, Məhəmməd Qurbanov (56 kq) Nursultan Koşequlovla, Heybətulla Hacəliyev (64 kq) Asxat Ualixanovla, Jaba Xositaşvili (75 kq) Meyrim Nursultanovla, Rahil Məmmədli (91 kq) isə Vasili Levitlə üz-üzə gələcəklər.
Komandamızın heyətində Rəsul Saliyev və Rahil Məmmədli WSB liqasında debüt edəcəklər. R.Məmmədli bu ay keçirilən Azərbaycan çempionatında yalnız final görüşündə təcrübəli Teymur Məmmədova uduzub. Doxsan bir kiloqram çəki dərəcəsində mübarizə aparacaq həmyerlimiz finalda 2009-cu ildə Asiya çempionu olan Vasili Levitlə üz-üzə gələcək. Digər debütant R.Saliyev isə Qazaxıstan çempionu, 2013-cü ildə Asiya çempionatının qalibi T.Jusupovla görüşəcək.
“Astana Arlans” klubu cari mövsümdə hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən astanalılar ikinci turda səfərdə “Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələmişdi. “Baku Fires” isə ilk turda Qubada “İtalia Thunder” üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzub.