CƏMİYYƏT
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə IACA-ya üzv və tərəfdaş ölkələrin assambleyasının cari il noyabrın 19-21-də Bakıda keçiriləcək üçüncü sessiyası ilə əlaqədar təşkilati məsələlər müzakirə edilib.
Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son dövrlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatlar barədə qonaqlara ətraflı məlumat verərək bu istiqamətdə beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu xüsusi vurğulayıb. K.Əliyev, həmçinin Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Şuranın Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və IACA-nın iştirakı ilə cari il iyunun 30-dan iyulun 1-dək “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb.
M.Kroytner Azərbaycanın IACA-nın üçüncü sessiyasının təşkili ilə bağlı gördüyü işləri müsbət dəyərləndirərək tədbirin yüksək səviyyədə keçiriləcəyinə və ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov iştirak ediblər.