DÜNYA
Beynəlxalq Olimpiya Komitəsi Tokio Olimpiadasına yeni idman növləri əlavə edib
Tokio, 10 iyun, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına yeni idman növləri üzrə yarışlar əlavə edib. Onların arasında kişi və qadınların eyni vaxtda iştirakını nəzərdə tutan qarışıq idman növləri də var.
NHK telekanalının yaydığı məlumata görə, bu qərar BOK-un cinslərin bərabərliyinin təmin olunması və gəncləri idmana cəlb edilməsi niyyətini təsdiq edir.
Yeni əlavə edilən idman növləri arasında cüdo üzrə qarışıq komandaların yarışını nümunə göstərmək olar. Bu yarış zamanı hər komanda üç qadın və üç kişi idmançı ilə təmsil olunacaq.
Stolüstü tennis yarışları zamanı da qarışıq cütlərdən ibarət komandaların mübarizəsi nəzərdə tutulur.
Bununla yanaşı, üç nəfərdən ibarət basketbol yarışının keçirilməsi də planlaşdırılır. BOK bununla gənclərin diqqətini şəhər idman növlərinə istiqamətləndirməyə çalışır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio