ELM VƏ TƏHSİL
Bilik Fondu Bakıda və bölgələrdə abituriyentlərlə videokonfrans keçirib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində abituriyentlər üçün “Ali məktəblərdə ixtisas seçimi və qəbul imtahanlarına hazırlıq” mövzusunda videokonfrans keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb, gənc nəslin hərtərəfli inkişafında belə tədbirlərin önəmli rolunu diqqətə çatdırıb.
Videokonfransda iştirak edən ekspertlər məktəblilərin uzun illər topladıqları biliklərin onların qəbul imtahanlarında müsbət nəticələr göstərməsinə imkan yaradacağını deyiblər.
Abituriyentlərin psixoloji baxımdam qəbul imtahanlarına hazırlığı məsələsinə dair dəyərli məsləhətlər verən mütəxəssislər ixtisas seçiminə daha diqqətli yanaşmanın vacibliyini vurğulayıblar.
Tədbirdə Gəncə, Mingəçevir, Lənkəran, Qəbələ, Şamaxı və Bərdədən olan abituriyentlərə qəbul imtahanları ilə bağlı onlayn formada məlumat verilib, onların imtahanlara hazırlıq səviyyəsi, ali məktəblərdə ixtisas seçimi, abituriyentlərin psixoloji durumuna dair fikir mübadiləsi aparılıb. Ekspertlər rayonlardan videokonfransa qatılan abituriyentlərin və valideynlərin suallarını cavablandırıblar.