İQTİSADİYYAT
Biznes inkubatorlar üzrə ekspertin ustad dərsi
Biznes inkubatorlar üzrə tanınmış ekspert Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunda (İBİ) ustad dərsi keçib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşən “Corporate Solution” təşkilatının biznes inkubatorlar üzrə eksperti Devid Konvey noyabrın 6-da ADİU-nun İnnovativ Biznes-İnkubatoru ilə tanış olub. Qonağa İBİ və inkubasiya keçən startap şirkətlər haqqında ətraflı məlumat verilib.
Devid Konvey ADİU-da yaradılmış modelin Avropada fəaliyyət göstərən biznes-inkubatorlardan geri qalmadığını bildirib.
Kiçik və orta sahibkarlığın inkişafına dəstək və biznes-inkubatorlar sahəsində 25 ildən artıq təcrübəyə malik Devid Konveyin məsləhətçi kimi İBİ ilə əməkdaşlıq etməsi haqda razılıq əldə olunub.
Sonra Devid Konvey startapçılara ustad dərsi keçib. O, ABŞ və Avropa İttifaqı ölkələrində startap, sahibkarlıq və biznes-inkubator təcrübəsindən danışaraq, bu sahədəki zəngin təcrübəsini paylaşıb. Ekspert ADİU-da yaradılan İnnovativ Biznes-İnkubatorun ölkədə gənclər arasında sahibkarlığa dəstək siyasətinin bariz nümunəsi olduğunu qeyd edib. Devid Konvey İBİ-nin tələbə təşəbbüskarlığı, müxtəlif sahələri əhatə edən startaplar və peşəkarlardan ibarət ekspertlər şurası, müxtəlif təlim və treninqlərin keçirilməsi, universitet himayədarlığı və başqa cəhətlərinə görə fərqləndiyini bildirib.
Tanınmış ekspert tərəfindən dekabr ayında keçiriləcək növbəti ustad dərsi “Marketinq strategiyası” mövzusuna həsr olunacaq.