ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşları Londonda
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri Naibə Mehdiyeva, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov və doktorant Nigar Mürsəlqızı Kyu Kral Botanika Bağının Londonda təşkil etdiyi “Dünyada bitkilərin vəziyyəti” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə azərbaycanlı alimlər “Azərbaycan florasının farmasevtik potensialı”, “Azərbaycanda nadir və itmə təhlükəsində olan bitki populyasiyalarının öyrənilməsinə multidissiplinar yanaşma” və “Azərbaycan florasında invaziv növlərin yayılması” mövzularında təqdimatlarla çıxış ediblər. Həmçinin alimlərimiz tərəfindən hər üç mövzuya aid poster də təqdim olunub. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq simpozium çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən mütəxəssislərlə fikir mübadiləsi aparılıb, son illərdə Botanika İnstitutunda həyata keçirilən elmi tədqiqatlar barədə ətraflı məlumat verilib.
Simpoziumda 12 ölkədən yüzdən çox mütəxəssis iştirak edib.