MƏDƏNİYYƏT
“Boy çiçəyi” tanınmış aktyor Ramiz Novruzun iştirakı ilə növbəti dəfə təqdim olunub
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşası nümayiş edilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir.
Səhnə əsərində əsas rolları Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva ifa edib.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.
Qeyd edək ki, Xalq Artisti Ramiz Novruzun iştirakı ilə ikinci dəfə təqdim edilən tamaşanın ilk nümayişi 2011-ci il noyabrın 2-də reallaşıb.