CƏMİYYƏT
Çaylarda suyun səviyyəsi artıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Ötən günlər ərzində ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb. Balakən-Şəki bölgəsindən axan Kişçay, Şinçay, Kürmükçay, Baş-Daşğılçay çaylarından, Qəbələ rayonu ərazisindən axan Gorançaydan qısamüddətli daşqın keçib. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 70-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-30 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 115 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 39 kubmetr təşkil edib. Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində əsasən artım qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 318, Şirvanda 171, Salyanda 118, Bankədə 164, Novruzlu məntəqəsində isə 35 santimetrdir.