MƏDƏNİYYƏT
“Canlı abidələr”in yürüşü
Bakı, 16 aprel, AZƏRTAC
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Bakı Uşaq Teatrının kollektivi yeni layihənin icrasına başlayacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Bakı Uşaq Teatrı hər ayın bir gününü milli geyim günü kimi qeyd etmək qərarına gəlib. Teatrın “Canlı abidələr” adlı yeni layihəsi çərçivəsində kollektiv üzvləri ayda bir gün - xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abidələrini ziyarət etməyi qərarlaşdırıb.
Bildirilib ki, layihənin məqsədi mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır. Çünki milli geyimlərimiz də tarixi abidələrimiz qədər əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malik ola bilər. Layihənin ilk tədbirində Bakı Uşaq Teatrının əsasən gənclərdən ibarət olan yaradıcı heyəti Dənizkənarı Milli Park və İçərişəhər ərazisində yürüş edərək milli geyimlərimizi nümayiş etdirəcək.