ORDU
Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışı olub VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, yeni tikilmiş və müasir avadanlıqla tam təchiz edilən hərbi hissənin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni istifadəyə verilən qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlərlə tanış olublar.
Müdafiə naziri şəxsi heyətlə görüşdə çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə naziri bildirib: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildə bu istiqamətdə görülən işlər bu il də davam etdiriləcək. Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində qısa müddətdə artıq ikinci hərbi şəhərciyin açılışını edirik. İl ərzində hər ay biz yeni hərbi şəhərciklərin istifadəyə verilməsini həyata keçirəcəyik.
Silahlı Qüvvələrimizin şəxsi heyəti də dövlət rəhbərliyi tərəfindən bizə göstərilən bu etimadı doğrultmalı, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüş hazırlığını daim artırmalıdır.
Keçirilən irimiqyaslı təlimlər ordumuzun gücünü və qüdrətini bir daha nümayiş etdirir. Təlimlərə cəlb olunan döyüş texnikası, aviasiya, raket-artilleriya qurğuları və digər vasitələrin istifadəsi ilə yanaşı, ən əsası şəxsi heyətin ruh yüksəkliyini, vətənpərvərlik əzmini, Azərbaycan əsgərinin peşəkarlığını və hazırlığını xüsusi qeyd etmək istərdim.
Son dövrlərdə düşmənə vurulan zərbələr işğalçıları qorxuya salıb, o, vahimə içindədir. Ermənistan iflic vəziyyətinə düşərək iqtisadiyyatı çökür, ordusu isə dağılmaq həddindədir. Düşmən anlamalıdır ki, onun yeganə çıxış yolu işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Əks halda, Silahlı Qüvvələrimiz xalqımız və dövlətimiz qarşısındakı müqəddəs vəzifəni - torpaqlarımızın işğaldan azad edilməsi missiyasını yerinə yetirəcək”.
Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
Cəbhə bölgəsində yerləşən hərbi hissənin şəxsi heyəti Müdafiə Nazirliyi rəhbərliyini əmin edib ki, göstərilən diqqət və qayğıdan, xidmət üçün yaradılan ən müasir şəraitdən ruhlanaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrinə bundan sonra da hazır olacaqlar.