CƏMİYYƏT
Dövlətin korrupsiya ilə mübarizəyə dair konkret iradəsi var
Bakı, 25 may, AZƏRTAC
“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə korrupsiya əleyhinə “Korrupsiyasız gələcək: Vətəndaş fəallığının artırılması və anti-korrupsiya tədbirlərinin təşkili” layihəsinin növbəti tədbiri Qubada keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “Korrupsiyasız gələcək: Şəffaf cəmiyyətin formalaşmasında vətəndaş fəallığı” mövzusunda keçirilən forumda idarə və müəssisələrin əməkdaşları, müəllimlər, həkimlər, media və QHT təmsilçiləri, bələdiyyə üzvləri, sosial şəbəkə nümayəndələri iştirak ediblər.
“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri Rəfail Becanov tədbir iştirakçılarına layihə haqqında geniş məlumat verib. Bildirilib ki, dövlətin korrupsiya ilə mübarizəyə dair qanunvericilik bazası və konkret iradəsi var. Vətəndaş cəmiyyəti sektorunun, vətəndaşlarımızın, dövlət qurumlarının qarşısında duran əsas vəzifə dövlətin anti-korrupsiya siyasətinin həyata keçirilməsində iştirak etməkdir.
Layihə rəhbəri qeyd edib ki, dövlətin anti-korrupsiya siyasətinə ictimai fəallığın daha da artırılması ilə dəstək vermək mümkündür.
Sonra layihənin ekspertlər şurasının üzvü, hüquqşünas Mehman Muradlı məruzə ilə çıxış edib, korrupsiya faktları ilə bağlı başlanan cinayət işlərinin statistikasını diqqətə çatdırıb.
Çıxışlarda korrupsiya ilə mübarizədə sosial şəbəkələrin və yeni medianın rolundan da bəhs olunub.