CƏMİYYƏT
Dünyada baş verən böyük fəlakətlərin 90 faizi hava şəraiti ilə bağlıdır
Bakı, 24 noyabr, AZƏRTAC
Son 20 il ərzində dünyada böyük fəlakətlərin təxminən 90 faizi anomal hava şəraiti - quraqlıqlar, daşqınlar və fırtınalar üzündən baş verib. İki onillik ərzində dünyada 6 min 457 belə təbii fəlakət qeydə alınıb. Təbii fəlakətlər zamanı insan itkiləri ən çox ABŞ, Çin, Hindistan, Filippin və İndoneziyanın payına düşür.
AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, bu faktlar BMT-nin yeni hesabatında açıqlanıb. Hesabatda qeyd olunur ki, hava və iqlim səbəbindən maddi ziyan və insan itkiləri ilə nəticələnən təbii fəlakətlər hər il artır. Belə ki, 1995-ci ildən bəri belə hallar nəticəsində 606 min nəfər həlak olub, 4,1 milyard nəfər yaralanıb və mənzilsiz qalıb.
Hesabatda iqtisadi itkilər barədə dəqiq məlumat verilmir. Bununla belə, fəlakətlərin təhlükəsinin azaldılması üzrə BMT-nin beynəlxalq strategiyasının katibliyi hesab edir ki, zəlzələ və sunami nəticəsində dəyən zərər ildə 250-300 milyard dollar məbləğində qiymətləndirilə bilər.