MƏDƏNİYYƏT
Finlandiyanın skripkaçılar ansamblı Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət disk buraxıb VİDEO
Konservatoriyanın rəhbərliyi ansamblın fəaliyyətinin başa çatması ilə əlaqədar “Skripkaçılar ansamblının konserti” diskini buraxıb. Diskdə bu yaradıcı kollektivin ifasında dünya klassik musiqisi, habelə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilir. Konsert tanınmış Azərbaycan bəstəkarı Rauf Hacıyevin əsəri ilə başlanır. Diskə Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, “Yeddi gözəl” baletindən vals, habelə Tofiq Quliyevin, Cahangir Cahangirovun əsərləri, fin bəstəkarlarının R.Hacıyev tərəfindən aranjiman edilmiş əsərləri daxildir. Diskin üz qabığında musiqi mədəniyyətinin inkişafına və pedaqoji fəaliyyətə köməyinə görə Cahangir Ələkbərova minnətdarlıq sözləri yazılıb.
Cahangir Ələkbərov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, Finlandiyada onun apardığı işin məqsədlərindən biri Azərbaycanın zəngin mədəniyyətini təbliğ etməkdir. Hazırda C.Ələkbərov yeni skripkaçılar ansamblı yaradır. Bu ansamblın tərkibinə Kokkola şəhəri Konservatoriyasının istedadlı tələbələri daxil olacaqdır. C.Ələkbərov deyib: “Yeni ansambl yaratmaqla mən Azərbaycan musiqisinin ecazkar koloritini, melodikliyini, rəngarəng səs çalarlarını Finlandiyanın yeni nəslinə çatdırmaq imkanı əldə edirəm. Şən, temperamentli, dərin mənalı lirik Azərbaycan ritmləri fin dinləyicisinə xoş gəlir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Kokkola