CƏMİYYƏT


Füzuli və Salyan rayonlarında tank əleyhinə mina və top mərmiləri aşkarlanıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 30-da Füzuli rayonunun Alıxanlı kəndində əkin sahəsində bir təhlükəli əraziyə baxış keçiriblər. Baxış zamanı tank əleyhinə partlamamış mina (TM-57) aşkar edilərək götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin məlumatına əsasən, qoruq ərazisində bir təhlükəli əraziyə baxış olub. Salyan rayonunun Şirvan Milli Parkında 5 partlamamış hərbi sursat - 4 ədəd 122 millimetrlik (BR-462) və bir ədəd 100 millimetrlik top mərmisi (BR-412) aşkarlanaraq götürülüb. Gün ərzində 3800 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-dən sentyabrın 30-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub. Nəticədə 3 min 513 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 42 mina aşkarlanaraq zərərsizləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.