DÜNYA
“Gazprom” İstanbulda ofis açıb
Bakı, 30 mart, Nihad Budaqov, AZƏRTAC
“Türk axını” (Turkish Stream) qaz boru kəməri layihəsində Türkiyə ilə səmərəli koordinasiyanın qurulması üçün Rusiyanın enerji nəhəngi “Gazprom”un törəməsi “South Stream Transport” şirkəti İstanbulda ofis açıb.
AZƏRTAC xəbər verir ki, bunu “Gazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller deyib.
A.Miller bildirib ki, bu, çox əhəmiyyətli bir qərardır. Beləliklə, layihə üzrə boru kəmərinin dəniz hissəsinin inşası üçün bütün tədbirlər görülüb.
O deyib ki, “Türk axını” üzrə işlər qrafik üzrə aparılır və layihənin tikinti mərhələsinə hazırlıq görülür.
Türkiyənin su sərhədlərində hidroqrafik araşdırmaların davam etdiyini söyləyən A.Miller “Türk axını” boru kəmərinin marşrutuna dair ekoloji təsirlər üzrə tədqiqatların da başa çatdırıldığını bildirib.
Bu ilin ikinci yarısında boru kəmərinin dəniz hissəsinin inşasına başlanılacağını deyən “Gazprom” rəsmisi layihə çərçivəsində planlaşdırılan iki boru kəmərinin də 2019-cu ilin sonuna qədər tamamlanmasının planlaşdırıldığını qeyd edib.
Qeyd edək ki, “Türk axını” ilə Rusiya təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.