MƏDƏNİYYƏT


Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət sərgisi açılıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gəncə şəhər uşaq rəssamlıq məktəbinin təşkilatçılığı ilə Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət beynəlxalq bədii sərgisi açılıb. “Episkeptis” dekorativ-tətbiqi sənət sərgisinin konsepsiyasına əsasən episkeptis - yunan dilindən tərcümədə “qonaq”, “kimisə dostcasına ziyarət edən şəxs”dir.

AZƏRTAC xəbər verir ki, açılışda çıxış edən sərginin kuratoru Məhbarə Abbasova sərginin ümumi konsepsiyası və Gəncə üçün önəmindən danışıb. Gəncədə ilk dəfə incəsənət sahəsində alternativ sektora müraciət edib əsərlərin fərqli məkanda təqdimatına nail ola bildiklərini söyləyib.

Gənc şüşə rəssamı, S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının tələbəsi Məhər Məhərrəmov sərginin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib, gələcəkdə də bu cür sərgilərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sərgidə Gəncəyə qonaq gələn S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının müəllim və tələbə kollektivinin bədii şüşə əsərləri və gəncəli dekorativ-tətbiqi sənət rəssamların şüşə üzərində vitraj, milli geyim nümunələri, zərgərlik və s. müxtəlif istiqamət, texnika və mövzularda işlənmiş əsərləri nümayiş olunub.

Ekspozisiyada Anna Butina, Anna Kulikova, Mariya Melniçuk, Yekaterina Tarasova, Mariya Smirnova, Aleksey Drojdin və başqaları, Gəncə rəssamlarından isə Məhər Məhərrəmov, Şəhla Nəzərova, Sona Məhərrəmova, Kazımova Ləman və digərlərinin ümumilikdə 30 əsəri nümayiş etdirilib.

Sonda bütün sərgi iştirakçıları sertifikatlarla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.