MƏDƏNİYYƏT
“Gənclər parkı”nda Gül bayramı keçirilib
Bakı, 6 may, Zərəngiz Mansurova, AZƏRTAC
V.Mustafazadə adına mədəniyyət mərkəzinin Pirallahı İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclər parkı”nda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəblilərin, yeniyetmələrin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Çıxış edənlər Azərbaycan tarixinin son 30 ilinin böyük dövlət idarəçiliyi təcrübəsinə, fenomenal təfəkkürə, zəngin biliyə və dünyagörüşünə malik görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildiriblər. O, hakimiyyətə gəlişi ilə milli ideologiyanın, milli şüurun oyanmasına əvəzsiz töhfə verib. Ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə müdrik rəhbərliyi nəticəsində Azərbaycan geridə qalmış aqrar ölkədən mühüm sənaye respublikasına çevrilib.
Bildirilib ki, xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəni xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən qurtarıb, inkişaf yoluna çıxarıb.
Tədbirdə tanınmış incəsənət ustalarının və mədəniyyət mərkəzinin özfəaliyyət dərnəyinin üzvlərinin ifasında konsert təqdim olunub.
Bayram tədbiri ümumxalq gəzintisi ilə davam etdirilib.