SİYASƏT
Gintaras Visotskas: Litva liman şəhərində erməni xaçkarları qoymaqla səhvə yol verib
Vilnüs, 7 yanvar, AZƏRTAC
Litvanın “www.slaptai.lt” portalında məşhur jurnalist, bu portalın rəhbəri Gintaras Visotskasın “Qrünvald döyüşündə litvalılara kömək edən...erməni alayı olub?” sərlövhəli məqaləsi dərc edilib.
Məqalə müəllifi 2015-ci ildə sadəlövh Litvanın Klaypedada erməni xaçkarları qoyulmasına icazə verməsinin səhv addım olduğunu göstərir. G. Visotskas əmindir ki, bu addımların dərin siyasi mənası var. Hətta ilk baxışda Litva-erməni dostluğunun müsbət əlaməti olan bu addımın da siyasi nüansları çoxdur. Xüsusən ona görə ki, Klaypeda liman şəhərində qoyulmuş xaçkar Litvada yeganə deyil. Bundan əvvəl Kaunasdakı Krestovaya dağında da xaçkar qoyulub. Artıq Şyauylyay şəhərində də xaçkar qoymaq arzuları barədə xəbərlər eşidilir.
Jurnalist yazır ki, Litva ermənilərin bu dövlət ərazisində xaçkar qoymasına icazə verməklə istər-istəməz Türkiyəni özündən uzaqlaşdırır. Onun fikrincə, Litva öz ərazisində xaçkar qoyulmasına icazə verməzdən əvvəl heç olmasa bu məsələnin Türkiyə versiyasına da müraciət etməli idi: axı amansız rus-türk müharibəsi dövründə ermənilərlə yanaşı türklər də kütləvi şəkildə həlak olublar. G.Visotskas qeyd edir ki, Litva hələ 2005-ci ildə rəsmi Yerevana xüsusi ehtiramını bildirərək 1915-ci ildə erməni soyqırımını etiraf etmişdi.
2016-cı il dekabrın 24-də Ermənistanın Baltikyanı bölgədəki səfiri (bu səfirliyin iqamətgahı Vilnüsdə yerləşir) Tiqran Mkrtçyanın rus.delfi.ee portalına “Bizim ortaq cəhətlərimiz çoxdur” sərlövhəli müsahibəsi dərc ediləndən sonra xaçkarların xoş niyyətlə qoyulması məqalə müəllifində güclü şübhə doğurub. Erməni diplomat Estoniyaya rəsmi səfəri zamanı Ermənistanın Baltikyanı ölkələr barəsində planları haqda jurnalistə ətraflı məlumat verib.
Ermənilərlə pribaltlar arasında ümumi cəhətlər olmasına şübhə edən G.Visotskas vurğulayır ki, istər Litvanı, istər Latviyanı, istərsə də Estoniyanı son onilliklərdə bircə qarış belə özgə torpağını işğal etməkdə günahlandırmaq mümkün deyil. Ermənistan isə Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır.
Litvalı jurnalistin fikrincə, ən maraqlısı budur ki, Ermənistan səfirinin dediyinə görə, guya 1410-cu ildə Qrünvald döyüşündə litvalıların səlibçilərə qalib gəlməsinə kömək edən ...erməni alayı olub. G.Visotskas yazır: “görünür, Litvada yeni erməni abidələri qoyulması üçün ilkin şərait yaradılır. Ona görə ki, əgər biz ermənilərin burada xaç qoymalarına elə-belə, heç bir ciddi siyasi motiv və özümüz üçün fayda olmadığı halda imkan versək, onda Qrünvald döyüşündə köməyə görə qat-qat artıq dərəcədə təşəkkür bildirmək lazım gələcək”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs