QAN YADDAŞI
Göyçaylılar mart soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər
Göyçay, 31 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
31 mart - Azərbaycanlıların Soyqırımı Günü Göyçayda da anılıb.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilat kollektivlərinin üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, gənclər və məktəblilər Şəhidlər xiyabanını və “Azərbaycanlıların soyqırımı” abidə kompleksini ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.
Kompleksin qarşısında keçirilən toplantıda çıxış edən rayon ziyalıları “böyük Ermənistan” yaratmaq xülyasına düşən bədnam qonşularımız tərəfindən 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Kürdəmirdə, Lənkəranda törədilən qırğınların acı xatirələrindən, soyqırımı qurbanlarının başına gətirilən müsibətlərdən, bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə olunmasının vacibliyindən söz açıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev mart soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da Fərman imzalamaqla, günahsız yerə öldürülmüş minlərlə azərbaycanlının əziz xatirəsinin, qan yaddaşımızın unudulmasına imkan verməyib. Xalqımız zaman-zaman başına gətirilən bu faciələri heç zaman unutmayacaq.