REGİONLAR


Göygöl Milli Parkında ekosistemin mühafizəsinə daim nəzarət olunur

Göygöl, 2 avqust, Rauf Hacıyev, AZƏRTAC

Son günlər respublika ərazisində havaların kəskin isti keçməsi Göygöl Milli Parkında istirahət etmək istəyən turistlərin sayına da təsir göstərib. Bu isə yerli və xarici turistlərin istirahətinin daha mənalı və yaddaqalan təşkili ilə yanaşı, Göygöl Milli Parkının təmizliyinin və digər tədbirlərin həyata keçirilməsini də vacib edib.

Göygöl Milli Parkının direktoru Xaliq İsgəndərov AZƏRTAC-a bildirib ki, hazırda milli parkın ərazisində turistlərin rahatlığı üçün özünəxidmət köşkləri, meşədə 7 piknik yeri, 3 restoran və otel istifadəyə verilib.

Milli parkda 64 işçinin çalışdığını deyən Xaliq İsgəndərov qeyd edib ki, onlardan 7-si bələdçi, 30-u mühafizə, sahə müfəttişləri və elmi işçilərdir. Parkın ərazisinə daxil olmaq Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş tarif planına əsasən 2 manatdır. Yalnız şəhid ailələri, müharibə iştirakçıları və məktəbəqədər uşaqlar pulsuz giriş edə bilərlər. Əraziyə daxil olan turistlərin xüsusi parkinqlərdə avtomobillərini saxlayıb, təbiət gözəlliyinin seyrinə çıxması mümkündür.

Eyni zamanda, milli parka gələn yerli və xarici turistlərin səyahətini yüksək səviyyədə təşkil etmək üçün ərazidə elektromobil fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində də daimi nəzarət tədbirləri həyata keçirilir. Milli parkın ərazisi xüsusi olaraq qorunduğu üçün burada maral, cüyür və ayının, eləcə də digər heyvan və quşların artımı müşahidə olunur.

Göygöl Milli Parkında turist marşrutlarına və təmizliyə ciddi nəzarət olunur. Bunun üçün ərazidə xəbərdaredici lövhələr mövcuddur. Həmin lövhələrdə turistlərə hərəkət etdikləri marşrut, ərazidəki ağac və bitki növləri, həmçinin heyvan və quşlar haqqında məlumat verilir. Bununla belə, hansısa turist milli parkda qadağan olunmuş sahəyə keçərsə, ərazini çirkləndirərsə, yaxud ərazinin bitki örtüyünə və heyvanat aləminə ziyan vurarsa, həmin şəxslər haqında dərhal müvafiq qaydada cərimələr tətbiq olunur, yaxud qanuna uyğun digər tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.