Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev siyasi kursunun dönmədən həyata keçirilməsi milli mənafelərin qorunması və təhlükəsizlik fəaliyyətimizin əsas xəttidir

Bakı, 28 mart, AZƏRTAC

Martın 28-də Azərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olur.

Peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqlara xidmət edən peşəkar qurum kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

MTN-in ictimai əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə milli təhlükəsizlik orqanlarının həlak olmuş və burada dəfn edilmiş əməkdaşlarının da xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Bayram tədbiri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib.

Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara “Şöhrət” muzeyində mükafatlar təqdim olunub.

General-polkovnik Eldar Mahmudov təltif olunanları bir daha təbrik edərək çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb edildiyini vurğulayıb, xüsusi xidmət orqanlarının dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin qüdrətlənməsi siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib. Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandanın diqqət və qayğısını xüsusi vurğulayıb, bütün şəxsi heyətin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə Ulu Öndərin adını şərəflə daşıyan bu xüsusi təyinatlı ali təhsil ocağının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıq edib.

Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin yeni tikilmiş Beynəlxalq Təlim Mərkəzinin inzibati binasının açılışı olub.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən stendlə tanış olublar. Qeyd edilməlidir ki, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirilmiş struktur islahatları çərçivəsində təhlükəsizliyin etibarlı təmin olunması sahəsində beynəlxalq fəaliyyətin daha səmərəli təşkili və tərəfdaş ölkələrlə əlaqələrin aktuallığını nəzərə alaraq tikilmiş və yüksək tələblərə cavab verən Beynəlxalq Təlim Mərkəzi müasir avadanlıq və ləvazimatlarla təchiz olunub. Mərkəzin ərazisində tədris və təlim üçün bütün şərait yaradılıb, ətrafda yaşıllıqlar salınıb.

Təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə davam etdirilib.

Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, Ulu Öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik edib.

Ötən ilin də ölkəmizin həyatında uğurlu olduğunu bildirən nazir Eldar Mahmudov dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycanın dinamik inkişaf edən və təhlükəsizliyin hərtərəfli təmin olunduğu ölkə imicini qoruyub saxladığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Keçən il dünyada və bölgədə müxtəlif gərgin proseslər gedirdi. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Xalqımız 2014-cü ildə təhlükəsizlik şəraitində yaşamışdır”.

Bildirilib ki, bir neçə gün əvvəl respublikanın, ümumən regionun həyatında daha bir önəmli tarixi hadisə baş verib. Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın təməli qoyulub. Bu layihə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış uğurlu neft strategiyasının davamı kimi, ölkə iqtisadiyyatının, onun qeyri-neft sahələrinin inkişafına, ümumən xalqımızın rifahına xidmət edəcək. Bu isə bir daha göstərir ki, Ulu Öndərin Azərbaycanın hərtərəfli inkişafı üzrə strateji siyasət kursunun alternativi yoxdur. Milli maraqlar naminə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi-iqtisadi kurs ölkəmizi mürəkkəb dövrdə də strateji məqsədlərinə doğru inamla irəli aparır.

Bu gün Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirən nazir Eldar Mahmudov Azərbaycanın 2014-cü ilin ikinci yarısında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsinin və digər uğurların ölkəmizin artan nüfuzunun nəticəsi olduğunu qeyd edib. Bütün bunlar Azərbaycanın problemlərinə münasibəti də dəyişir. Torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar dövlət və Cənubi Qafqazda təhlükəsizliyə ciddi təhdid mənbəyi olması indi əksər beynəlxalq təşkilatlar və ölkələr tərəfindən qəbul edilir. Artıq dünyanın 14 ölkəsi və ABŞ-ın 16 ştatının qanunverici orqanında Xocalı faciəsi soyqırımı aktı kimi qiymətləndirilib.

General-polkovnik Eldar Mahmudov ötən ilin Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olduğunu, Azərbaycan Respublikasında təhlükəsizliyin etibarlı şəkildə təmin edildiyini, sabitliyin qorunub saxlanıldığını diqqətə çatdırıb.

Milli təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətləri üzrə əldə edilmiş önəmli nəticələr barədə məlumat verən nazir qeyd edib ki, indiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib. Eyni zamanda, respublikamıza qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi tapşırıqları yerinə yetirən iki nəfər ifşa edilib.

Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplamış və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışmışdır. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha iki ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır.

Silahlı Qüvvələrdə gedən islahatlar və müşahidə olunan müsbət meyldə hərbi əks-kəşfiyyat orqanlarının uğurlu rolunu qeyd edən general-polkovnik Eldar Mahmudov, bu istiqamətdə nöqsanların vaxtında aşkarlanması və qarşısının alınması üzrə fəaliyyət xəttinin, Müdafiə Nazirliyi və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr ilə işgüzar əlaqələrin daha da gücləndiyini vurğulayıb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Suriya Ərəb Respublikası ərazisindəki qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb.

Nazir Eldar Mahmudov Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etməklə hüquqazidd əməllər törətmələri hallarının narahatlıq doğurduğunu bildirərək, vəziyyətin belə mənfi təzahürlərlə və ümumilikdə dini ekstremizmlə mübarizənin cəmiyyətin də yaxından cəlb olunması ilə daha səmərəli aparılmasını zəruri etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu baxımdan qeyd olunan istiqamətdə, xüsusən birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ötən peşə bayramından hazırki dövrədək olan müddət ərzində də narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması üçün səmərəli tədbirlər davam etdirilib. Bu müddətdə 329 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 183 kiloqram heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Ümumilikdə 41 cinayət işi başlanıb, 84 nəfər məsuliyyətə cəlb olunub.

Bundan başqa, Rusiya Federasiyasının aidiyyəti orqanları ilə tərəfdaşlıq çərçivəsində birgə keçirilmiş əməliyyatlar nəticəsində 2 fakt üzrə 3 nəfər Rusiya vətəndaşından 160 kiloqramdan çox narkotik vasitə götürülüb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 24,5 kiloqramdan çox qurudulmuş marixuana götürülüb, 1 Ukrayna, 9 Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının məsuliyyətə cəlb edilmiş 5 vətəndaşından külli miqdarda narkotik vasitə ilə yanaşı, “Makarov” tipli 2 tapança, “Naqan” tipli 1 revolver və xeyli sayda döyüş sursatı götürülüb.

Təxminən 11 kiloqrama yaxın, dövriyyəsi qadağan edilmiş civəni xarici ölkə vətəndaşına satmaq istəyən daha 1 nəfər Azərbaycan Respublikası vətəndaşı barəsində isə cinayət işi başlanıb.

Nazir Eldar Mahmudov qeyd edib ki, Azərbaycan Respublikasının iqtisadi potensialı əleyhinə təhdidlərin neytrallaşdırılması işi milli təhlükəsizliyimiz üçün mühüm şərtdir. Milli təhlükəsizlik orqanları tərəfindən il ərzində yalançı sahibkarlıq vasitəsilə külli miqdarda əmtəəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsi faktları üzə çıxarılıb. Həmçinin qiymətli daş-qaşın və zinət əşyalarının, eləcə də qanunsuz rabitə xidmətinin təşkilində istifadə olunan rabitə cihazlarının qaçaq yolla ölkə ərazisinə gətirilməsi faktları aşkarlanıb. İfşa edilmiş digər mütəşəkkil cinayətkar dəstə tərəfindən müştərilərin hesablarından külli miqdarda vəsaitin talanması halları müəyyən edilib, bu faktlar üzrə 7 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub.

Saxta pul və qiymətli kağızların hazırlanması, müxtəlif şəxslərin adına sənədləşdirilməsi yolu ilə vəsaitlərin mənimsənilməsi faktları da aşkar olunub. Hərbi xidmətdən yayınmaq üçün saxta sənədlərdən istifadə edilməsi, ali təhsil haqqında sənədin saxtalaşdırılması və sair hallar müəyyən edilib. Hazırda bütün bu faktlarla bağlı 14 cinayət işinin istintaqı aparılır.

Ötən müddət ərzində qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri rəhbər tutularaq ümumilikdə 275 şəxs barədə 142 cinayət işinin tam, hərtərəfli və obyektiv istintaqı aparılıb, 128 nəfər məsuliyyətə cəlb edilib.

Nazir Eldar Mahmudov bildirib ki, müasir dövrdə hər bir xüsusi xidmət orqanının qarısında ən vacib vəzifələrdən biri milli təhlükəsizliyə qarşı təhdidlərin dəqiq proqnozlaşdırılması və meyillərin vaxtında müəyyən edilməsidir. Bu baxımdan günün tələbləri nəzərə alınaraq həyata keçirilmiş islahatlar işin daha səmərəli təşkilinə təkan verib. Eyni zamanda, diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlıq əlaqələri ildən-ilə genişlənən və daha səmərəli xarakter alan Milli Təhlükəsizlik Nazirliyi hazırda 51 xarici dövlətin 76 xüsusi xidmət orqanı, habelə bir sıra beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqələrə malikdir. Əməkdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir.

General-polkovnik Eldar Mahmudov olduqca çətin şəraitdə xidmət aparan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. Həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən muxtar respublikadakı ictimai-siyasi və dini proseslərə, burada dislokasiya olunmuş hərbi strukturlara xüsusi diqqət göstərilməsi kimi kəşfiyyat-pozuculuq fəaliyyətlərinin qarşısı alınıb.

Eyni zamanda, Suriya Ərəb Respublikasındakı qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Naxçıvan MR MTN-in həyata keçirdiyi tədbirlər nəticəsində 11 fakt üzrə 16 şəxs istintaqa cəlb olunub.

Nazir Eldar Mahmudov bildirib ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ərazi orqanları da qarşılarında qoyulmuş vəzifələri layiqincə yerinə yetiriblər.

Ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının maddi-texniki bazası daha da möhkəmlənib, xidməti iş və tədris şəraiti yaxşılaşıb. Son bir neçə ildə burada açılmış yeni fakültələr artıq tam fəaliyyətə başlayıb. Hazırda müasir dövrün tələblərinə uyğun olaraq yeni fakültələrin yaradıldığı Akademiyada gələcək təhlükəsizlik zabitlərinin yüksək bilik səviyyəsinə, müasir texniki vasitələrlə işləmək bacarığına malik, vətənpərvər şəxslər kimi yetişməsinə ciddi yanaşılır.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində də ardıcıl tədbirlər görülüb.

Qeyd edilib ki, 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenaları və komplekslərinin açılışı olub, mövcud idman obyektləri əsaslı təmir edilib və infrastruktur daha da genişləndirilib. Bütün bunlar Azərbaycanın təhlükəsiz dövlət olduğunu bir daha təsdiqləyir, mötəbər idman yarışlarını, beynəlxalq turnirləri, Avropa və dünya çempionatlarını təşkil etməyə qadir olduğunu sübut edir. Eyni zamanda, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən bu cür idman oyunlarına ev sahibliyi etməsi ölkənin nüfuzu, imici üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, Azərbaycanın milli təhlükəsizlik orqanlarının qarşısında da böyük vəzifələr durur. Nazir Eldar Mahmudov cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın idman uğurlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının rolu da ildən-ilə yüksəlir. Əlbəttə bu, hər şeydən əvvəl dövlətimizin başçısının yaxından dəstəyi ilə müasir şəraitə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün hərtərəfli imkanlara malik Milli Təhlükəsizlik Nazirliyinin “Titan” İdman və Sağlamlıq Mərkəzinin yaradılması ilə bağlıdır. Ötən il “Titan”ın üzvləri ayrı-ayrı idman növləri üzrə dünya, Avropa və respublika çempionatlarında 14 qızıl, 16 gümüş və 9 bürünc medal qazanıblar.

Nazir Eldar Mahmudov çıxışında bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində Ermənistan xətti, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması daim prioritet təşkil edir. Ötən il Dağlıq Qarabağ münaqişəsinə dair təbliğat materiallarının hazırlanması və yayılması sahəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının da fəaliyyəti uğurlu olub. Səfirliklərimizə, diaspor təşkilatlarına, elm-təhsil ocaqlarına münaqişənin tarixi, yaranma səbəbləri və fəsadlarından bəhs edən xeyli sayda kitab, broşür və elektron vəsaitlər göndərilib. Bu məsələ daim diqqət mərkəzində saxlanılır.

General-polkovnik Eldar Mahmudov qeyd edib ki, milli təhlükəsizlik orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edir. Biz möhtərəm Prezidentin milli maraqlara xidmət edən siyasi kursunun bundan sonra da uğurla aparılması üçün qətiyyətlə çalışmaq əzmindəyik. Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən Heydər Əliyev siyasi kursunun dönmədən həyata keçirilməsi, xalqımızın milli mənafelərinin etibarlı qorunması və təhlükəsizlik fəaliyyətimizin əsas xəttini təşkil edir. Nail olunmuş inkişaf və əldə edilmiş uğurlar dövlətimizin başçısı İlham Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi gündəlik diqqət və qayğının bariz nəticəsidir. Peşə bayramı ərəfəsində Azərbaycan Prezidentinin sərəncamları ilə bir qrup əməkdaşa ali hərbi rütbələrin və yüksək dövlət mükafatlarının verilməsi milli təhlükəsizlik orqanlarına olan diqqətin daha bir parlaq təzahürüdür.

Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdıraraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaqdır.

Təntənəli mərasimdə çıxış edən Milli Təhlükəsizlik nazirinin müavini general-leytenant Elçin Əliyev bildirib ki, Azərbaycan bu gün dünya birliyi tərəfindən zəngin təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

Milli Təhlükəsizlik Nazirliyinin cinayətkarlıqla, onun ən təhlükəli təzahürlərindən olan terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizədə qazandığı uğurlar, ümumən respublikada təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər cəmiyyətdə yüksək qiymətləndirilir. Şübhəsiz ki, son illər Milli Təhlükəsizlik Nazirliyində aparılan islahatlar nəticəsində formalaşmış, milli maraqlara və təhlükəsizliyə mümkün təhdidlərə qarşı səmərəliliyi işdə təsdiq olunmuş mübarizə xətti uğurla davam etdiriləcək, qarşıda qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün görülən tədbirlər öz müsbət nəticəsini bundan sonra da verəcəkdir.

Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial-müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, ictimai-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə möhkəmlənir. Ermənistan artıq dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınıb, Azərbaycan regionda lider dövlətə çevrilib. Bütün bunlar Heydər Əliyev strateji siyasi və iqtisadi kursunun qələbəsi və təntənəsidir. Bu gün müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevrilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Akademiya da xüsusi xidmət orqanlarının ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün potensialını və səylərini səfərbər edir.

Tədbirdə mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Təntənəli mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2015-cü il 27 mart tarixli sərəncamları elan olunub.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda təltif olunan əməkdaşlar və veteranlarla xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub