REGİONLAR
İYUNUN 24-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
İyunun 24-də Bakı şəhərinin Nəsimi, Xətai, Nərimanov, Yasamal, Binəqədi, Suraxanı rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə - “Təzə bazar” MMC-nin həyətində, metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Bakı” kinoteatrının yanındakı “Azər” ticarət mərkəzində, Keşlə ticarət mərkəzində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, Biləcəri qəsəbəsində, “Bolluq” bazarının yanında, Qaraçuxur qəsəbəsindəki “Günəş” ticarət mərkəzində, Əmircan qəsəbəsindəki “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Sabirabad, Salyan, Samux, Balakən, Kürdəmir, Quba, Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir, Şəki, Ağcabədi, Qəbələ, Qazax, Xaçmaz, Astara, Qobustan, Hacıqabul və digər rayonların fermerləri mal və qoyun ətini, kartof, meyvə-tərəvəz, ağartı, konserv məhsulları, bal və yumurtanı paytaxt sakinlərinə bazarlardakından xeyli uçuz qiymətə satmışlar.
Qaraçuxur qəsəbəsindəki “Günəş” ticarət mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fariz Əliyev bildirmişdir ki, bazar günü burada bakılılara 6 tondan çox müxtəlif çeşiddə məhsul təklif olunmuşdur. Onların xeyli hissəsi Samux və Balakən rayonlarından gətirilmişdir.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya məhsul gətirmiş göyçaylı Arif Dadaşov satışa çıxardığı məhsulları öz pay torpağında yetişdirdiyini və beşinci dəfədir ki, buraya gəldiyini bildirmişdir. Məhsulların keyfiyyəti və qiyməti alıcıların ürəyincə olmuşdur.
Həm fermerlər, həm də alıcılar yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin, paytaxt rayonları icra hakimiyyətlərinin nümayəndələri yarmarkalarda satışın təşkilinə, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət etmişlər.