CƏMİYYƏT
İordaniya ictimaiyyəti Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatlandırılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Pakistan, Əfqanıstan, Mərakeş, Fələstin, İraq, Misir, Bolqarıstan, Gürcüstan və Hindistanın bu ölkədəki səfirləri, İordaniyanın Senat və parlament nümayəndələri, Azərbaycan-İordaniya parlamentlərarası dostluq qrupunun, yerli KİV nümayəndələri, Azərbaycan diaspor cəmiyyətinin üzvləri, səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Dahi liderin müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətlərini qeyd edib, Ulu Öndərin mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyini bildirib. Səfir ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, ölkəmizə sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdiyini, dövlətin hərtərəfli tərəqqisi üçün həlledici addımlar atdığını vurğulayıb. Qeyd edilib ki, Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində son 25 ildə Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, regional və beynəlxalq müstəvidə nüfuz sahibi olub.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin mənalı ömrünü əks etdirən fotosərgi və kitablar ilə tanış olublar.
Daha sonra tədbir Əmman şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda davam edib. İştirakçılar Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edərək meydana tər çiçəklərdən əklillər qoyub və müdrik dövlət xadiminin ruhuna dualar oxuyublar.
Sonda səfirlik tərəfindən Ümummilli Liderin xatirəsinə ehsan süfrəsi açılıb.