DÜNYA
İordaniyada parlament seçkiləri keçirilir
Əmman, 20 sentyabr, AZƏRTAC
Bu gün İordaniyada parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçirilir. İordaniya vaxtı ilə saat 07:00-da ölkə ərazisində 23 dairədə 1483 seçki məntəqəsi açılıb. Seçki məntəqələri saat 19:00-da bağlanacaq.
Müstəqil Seçki Komissiyasının məlumatına görə, səsvermədə ölkənin 4 milyondan çox vətəndaşı iştirak edəcək. Seçkilərin keçirilməsi prosesinə 80 mindən çox insan və 10 mindən çox könüllü cəlb edilib.
Krallığın parlamentində 130 yer uğrunda Müstəqil Seçki Komissiyasında qeydiyyatdan keçmiş 1252 namizəd - 253 qadın və 999 kişi mübarizə aparır.
Ölkədə seçki məntəqələrinin və mühüm dövlət obyektlərinin təhlükəsizliyini 30 mindən çox polis və təhlükəsizlik qüvvələri təmin edəcək.
Rəsmi məlumata görə, seçkilərin gedişini 14 mindən çox beynəlxalq və yerli müşahidəçi, o cümlədən Avropa İttifaqının nümayəndə heyəti izləyir. Habelə 1700-dən çox akkreditasiyadan keçmiş jurnalist İordaniyada keçirilən parlament seçkilərini işıqlandıracaq.
Xatırladaq ki, mayın sonlarında İordaniya Kralı II Abdullah Millət Məclisinin aşağı palatasının işinə xitam verilməsi barədə fərman imzalayıb. Elə həmin gün Hani əl-Mülkiyə əsas vəzifəsi ölkə parlamentinə seçkilərin hazırlanması və keçirilməsi olan yeni hökuməti formalaşdırmaq tapşırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman