REGİONLAR


İqtisadiyyat naziri Xırdalanda vətəndaşları qəbul edib

Xırdalan, 21 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, iyulun 21-də iqtisadiyyat naziri Şahin Mustafayev Xırdalan şəhərində Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehsal və emal müəssisələrinin, istixanaların yaradılmasına dəstək göstərilməsi, bəzi məhsullara ixrac təşviqinin şamil edilməsi, sosial və s. məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, quşçuluq, bağçılıq, tütünçülük, intensiv tingçilik, polietilen məhsulların istehsalı, tullantı yağlarının təkrar emalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan, istehsalın, investisiyaların və ixracın genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən razılıqlarını ifadə ediblər.

Qəbul günü digər rayonlardan gələn vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ümumilikdə, Xırdalanda keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət edib.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.