MƏDƏNİYYƏT
İran ədəbiyyatının bədii nümunələri “Dünya ədəbiyyatı” jurnalının növbəti nömrəsində
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının bu günlərdə yeni nömrəsi işıq üzü görüb.
Jurnalın baş redaktoru Seyfəddin Hüseynli AZƏRTAC-a bildirib ki, jurnalın 2016-cı ildəki ilk nömrəsi bütövlükdə yeni dövr İran ədəbiyyatına həsr edilib.
Bu nömrədə 30-a yaxın müəllifin yaradıcılığını əhatə edən, XX əsrin 40-cı illərindən etibarən yaranmağa başlayan, müxtəlif növlər və janrlar üzrə müasir forma və məzmuna malik İran ədəbiyyatı nümunələri yer alıb. Seyfəddin Hüseynlinin sözlərinə görə, jurnalın bu sayının bir əlamətdar cəhəti də bütün materialların orijinaldan - fars dilindən tərcümə edilməsidir.
“Dünya ədəbiyyatı”nın bu nömrəsinə zəmanəmizin ən məşhur İran ədiblərinin yaradıcılığını əks etdirən roman, pyes, poema, hekayələr, şeirlər daxildir. Mustafa Məsturun “Tanrının ay üzündən öp...” romanı Ariz Tarverdiyevin, Şəhram Kərəminin “Yunus peyğəmbər” pyesi Dilman Şahmərdanlının tərcüməsində verilib.
Jurnalda İran ədəbiyyatını təmsil edən müəlliflərin hekayə və şeirləri də Azərbaycan dilində oxuculara təqdim olunub.