CƏMİYYƏT
İstanbulda “Türk tibb tarixində gənclik sirləri” mövzusunda konfrans keçirilib
İstanbul, 20 dekabr, AZƏRTAC
İstanbul Universitetinin Avrasiya İnstitutunda “Türk tibb tarixində gənclik sirləri” mövzusunda konfrans keçirilib.
Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən təşkil olunan konfransda elm və mədəniyyət xadimləri, səhiyyə işçiləri, xalq təbabəti ilə məşğul olanlar şəxslər, şəhər ictimaiyyətinin təmsilçiləri iştirakı ediblər.
Konfransda professor Ayşegül Dəmirhan Erdemirin “Türk tibb tarixində gənclik sirləri” mövzusunda məruzəsi dinlənilib. El arasında türkəçarə kimi tanınan qədim türk tibb elminin yaranması və inkişafı istiqamətləri, günümüzdə istifadə olunma imkanları barədə fikir və mülahizələrini bölüşən professor diqqətə çatdırıb ki, tarixin bütün dövrlərində müalicəvi təbiət bitkilərinin faydalı cəhətləri türk xalqları tərəfindən araşdırılıb və onların istifadə qaydaları bu günümüzə kimi gəlib çatıb.
Ulularımızın bitki örtüyündəki minlərlə otlardan, gül-çiçəklərdən, bitki köklərindən, tərəvəz və meyvələrdən istifadə edərək xəstəliklərini bitkilərdən hazırladıqları dərmanlarla müalicə etdiklərini diqqətə çatdıran professor xalq təbabəti sahəsində elmi araşdırmalarının əks olunduğu əsərlərindəki maraqlı məqamlardan da bəhs edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul