CƏMİYYƏT
İsveç səfiri Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barədə məlumatlandırılıb
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında İsveçin Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri xanım İnqrid Tersmanla görüş keçirilib.
İnqrid Tersman Azərbaycan və İsveç arasında bir çox sahələrdə səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. O, Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti və Şuranın fəaliyyəti haqqında məlumat almaq istədiyini bildirib.
Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında səfirə məlumat verib. O, Şuranın yarandığı gündən QHT-lərə konsultativ, informasiya, təşkilati-texniki, maliyyə və metodik dəstək verdiyini deyib. Bildirib ki, ötən 8 il ərzində Şura 4500-dən artıq yerli QHT-nin, 2013-cü ildən isə 60-a yaxın xarici QHT-nin layihəsini maliyyələşdirib. Şura sədri QHT-lərlə bağlı qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin əsas məqsədinin QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılığı artırmaq və effektiv koordinasiyanı təmin etmək olduğunu səfirin diqqətinə çatdırıb.
Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində indiyədək hər hansı irəliləyişin əldə olunmamasına görə obyektiv və ədalətli mövqe tutmayan beynəlxalq ictimaiyyətin böyük məsuliyyət daşıdığını qeyd edib. ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edən A.Quliyev 2007-ci ildə BMT Baş Assambleyasının iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” adlı qətnamənin əleyhinə səs verən 7 ölkədən 3-nün həmsədr ölkələr olduğunu vurğulayıb: “Bu yaxınlarda AŞPA-da Robert Volterin müəllifi olduğu “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərində gərginliyin artması” adlı hesabatın müzakirəsi ilə bağlı Minsk qrupu həmsədrlərinin verdiyi bəyanat faktiki olaraq Ermənistanın müdafiəsinə yönəlib. Həmsədrlər bu bəyanatla digər beynəlxalq təşkilatların problemin həllinə töhfə verməsinə qarşı çıxıb və bu məsələnin inhisarlarından kənara çıxmasına razı olmadıqlarını bəyan ediblər”.
Azay Quliyev İsveçin bu problemin həlli prosesində daha aktiv rol oynamasının və münaqişə ilə bağlı həqiqətlərin Avropanın siyasi dairələrinə çatdırılmasında səylərini artırmasının vacibliyini qeyd edib.
İnqrid Tersman İsveçin xarici işlər naziri xanım Margot Vallströmün bu günlərdə Azərbaycana səfəri zamanı qeyd olunan məsələlərin müzakirə edildiyini bildirib. Diplomat bu səfərin iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini göstərdiyini deyib.