ELM VƏ TƏHSİL
Kompyuter tərcüməsi və xarici dillərin öyrədilməsi sistemləri ilə bağlı elmi-tədqiqatlar aparılır
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda kompyuter tərcüməsi və xarici dillərin öyrədilməsi sistemlərinin yaradılması üzrə elmi-tədqiqatlar aparılır və bu istiqamətdə bəzi nəticələr əldə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, aparılan tədqiqatlar nəticəsində ingilis və Azərbaycan dillərinin morfoloji, sintaktik və semantik sistemlərinin müqayisəli analizinə və tədqiq olunan dillər cütlüyünün formal əlamətlərinin seçilməsinə əsaslanan avtomatik lüğətin optimal strukturunun qurulması metodikası işlənib. Maşın tərcüməsi sistemində olan avtomatik lügətin verilənlər bazasının genişləndirilməsi və informasiya kommunikasiya texnologiyaları mütəxəssisləri üçün ikidilli situasiyada (Azərbaycan-ingilis və ingilis-Azərbaycan) elektron lüğətin yaradılması məqsədilə tədqiqatlar aparılıb.
Hazırda çoxfunksiyalı kompyuter linqvistik sisteminin yaradılması və ikidilli situasiyada elektron lüğətin işlənilməsini təmin edə biləcək tezaurus texnologiyasına əsaslanan verilənlər bazasının yaradılması və avtomatlaşdırılması təklif olunur. İngilis dilinin tədrisi məqsədilə elektron öyrədici sistemin modelinin əsas iş prinsipləri araşdırılır.