DÜNYA
Körfəzdə müharibə ehtimalı AFR XİN-i narahat edir
Berlin, 12 iyun, AZƏRTAC
AFR-in xarici işlər naziri Ziqmar Qabriel bəyan edib ki, Səudiyyə Ərəbistanı və onun müttəfiqləri tərəfindən Qətərin təcrid olunması Fars körfəzində yeni müharibəyə gətirib çıxara bilər. “Bu münaqişənin müharibəyə çevrilə bilməsi təhlükəsi mövcuddur”, - deyə nazir bu gün “Frankfurter Allgemeine Sonntagszeitung” nəşrinə müsahibəsində bildirib. “Bu həftə keçirdiyim məsləhətləşmələrdən sonra başa düşürəm ki, vəziyyət nə dərəcədə ciddidir”, - deyə Z.Qabriel vurğulayıb. Almaniyanın xarici işlər naziri həftə ərzində Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin xarici işlər nazirləri ilə şəxsən görüşüb, İran və Küveytdən olan həmkarları ilə telefonda danışıb. Nazirin sözlərinə görə, neqativ ssenaridən qaçmaq üçün yaxşı şanslar var, lakin bunun üçün məsələnin danışıqlar yolu ilə həllini tapmaq lazımdır.
“Biz möhkəm əminik ki, diplomatiya saatı yetişib, bir-biri ilə danışmaq lazımdır. Almaniya və dünya birliyi Fars körfəzi regionunda baş verənlərdən bərk narahatdır”, - deyə Z.Qabriel Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Al-Tani ilə görüşündən sonra bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin