CƏMİYYƏT
Lay sularının yeni texnologiyalarla təmizlənməsində İtaliya şirkətlərinin təcrübəsi öyrənilir
QSC-dən AZƏRTAC-a bildiriblər ki, “sənaye-çirkab və lay sularının membran filtrasiyası ilə təmizlənməsi” mövzusuna həsr olunan görüşdə müəssisənin baş direktorunun müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, eləcə də “ETD” şirkətinin baş meneceri Filippo Chiusoli, şirkətin regional meneceri Rejep Rejepov və “SEPRA” şirkətinin mühəndisi Giancario Tanzi iştirak ediblər.
R.İsmayılov qonaqlara “Ekol Mühəndislik Xidmətləri” haqqında qısa məlumat verib, sənaye-çirkab və lay sularının yeni texnologiyalarla təmizlənməsi sahəsində İtaliya şirkətlərinin təcrübəsinə maraq göstərdiklərini diqqətə çatdırıb.
“ETD” və “SEPRA” şirkətlərinin nümayəndələri sənaye-çirkab və lay sularının membran filtrasiyası ilə təmizlənməsi texnologiyaları və qurğuları haqqında elektron məlumatları görüş iştirakçılarına təqdim ediblər. Eyni zamanda, bu sahədə həyata keçirdikləri pilot layihələrdən və əldə olunan texniki nəticələrdən söhbət açıblar.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və tərəfləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.
Qərara alınıb ki, “ETD” və “SEPRA” şirkətləri lay sularının texniki-iqtisadi əsaslandırılması barədə təkliflər paketini müzakirəyə təqdim etsinlər. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri bu təklifləri araşdıraraq yekun rəyə gəldikdən sonra növbəti görüşlərdə müzakirələrin nəticələrindən asılı olaraq qərarlar qəbul ediləcək.