REGİONLAR
Lənkəran: dövlət dəstəyi tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar yaradıb
Lənkəran, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun iqtisadiyyatında tərəvəzçilik aparıcı sahələrdən birini təşkil edir. Ötən əsrin 70-80-ci illərində rayonda 220 min tondan çox tərəvəz məhsulları istehsal olunub.
Torpaq islahatından sonra rayonda tənəzzülə uğrayan tərəvəzçilik hazırda özünün yeni dirçəliş dövrünü yaşayır. Son illərdə ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi Lənkəranda aqrar bölmənin digər sahələri kimi, tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar yaradıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında Lənkəran rayonunda tərəvəzçiliyin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla icra edilir. Rayon Statistika İdarəsinin rəisi Vaqif Mustafayev AZƏRTAC-a bildirib ki, 2015-ci ildə Lənkəranda 125 min 900 ton tərəvəz məhsulları istehsal olunub. Bu il isə 4879 hektar sahədə tərəvəz məhsulları yetişdirilib. İndiyədək sahələrdən 98 min 644 məhsul yığılıb.
Tərəvəzçiliklə məşğul olan fermer və torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları əsasən yerli bazarlarda və Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsulları yarmarkalarında satırlar.
Fermer və məhsul istehsalçıları bu sahədə qazanılmış şöhrəti geri qaytarmaq üçün real imkanların olduğunu bildirirlər. Bunun üçün bir sıra problemlər həll olunmalıdır. İri fermer təsərrüfatlarının, tədarük məntəqələrinin yaradılması, istehsal edilmiş məhsulların xarici bazarlara çıxarılması həllivacib məsələlərdəndir.
Hazırda Lənkəranın tərəvəz sahələrində məhsul yığımı davam edir.