REGİONLAR
Lerik rayonunda “Kənd evlərində turizm fəaliyyətinin təşkili” adlı təlim-təcrübə proqramı başa çatıb
Bakı, 28 iyul, AZƏRTAC
“Şəfəq” Ekoturizm İctimai Birliyi iyulun 26-28-də Lerik rayonunda “Kənd evlərində turizm fəaliyyətinin təşkili” adlı təlim-təcrübə proqramını həyata keçirib. Proqram Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd turizminin inkişafında bələdiyyə və yerli əhalinin fəallığının artırılması tədbirlərinin təşkili” adlı layihə çərçivəsində reallaşıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə cənub bölgəsinin 4 rayonundan 6 nəfər bələdiyyə, 18 nəfər kənd turizmi istiqamətində çalışan şəxs iştirak edib.
Tədbirin açılışında “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev layihənin məqsədləri, qarşıda duran vəzifələr, eləcə də cənub bölgəsinin kənd turizmi imkanlarından, dövlətin kənd turizmi sahəsindəki qabaqcıl işlərindən və turizmin yerli əhaliyə faydalarından geniş söhbət açıb.
İştirakçılarla tanışlıqdan sonra təlim proqramını həyata keçirən “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, təlimçi Qəhrəman Yusupov iştirakçılara 3 gün ərzində turizm və kənd anlayışı, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, dünya turizm sənayesi, Azərbaycanın turizm regionları, turizmdə ətraf mühit və təhlükəsizlik məsələləri, turizmin qanunvericiliyə uyğun təşkili, əlavə xidmətlər, kənd qonaq evlərinin təşkili, turun tərtib edilməsi, kənd turizmində marketinq məsələləri və digər mövzularda məlumatlar verib, müzakirələr aparılıb.
Təlimin sonuncu günü iştirakçılar üçün Lerik rayonun Hamarmeşə kəndində kənd turizmi sahəsində təcrübə qazanmış və bu işlə çoxdan məşğul olan Elşən Məmmədov və Lerik rayonun Peştətük kəndində yerləşən Ərəstun Həmdəmovun ev şəraitinə təcrübə mübadiləsi təşkil olunub.
Proqramın yekununda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihənin məqsədi cənub bölgəsində kənd turizminin inkişaf potensialı olan ərazilərdə bələdiyyə və yerli əhalinin fəallığını artırmaqla bu sahəyə dəstək olmaqdan ibarətdir.